Tovuzda 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş “Dövlət suverenliyimiz – milli qürurumuz və dövlətçiliyimizin əsasıdır” mövzusunda konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Tovuz şəhəri mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq 20 Sentyabr – Dövlət Suverenliyi Gününün ölkəmizin müasir tarixində mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilir.RİH başçısı vurğulayıb ki, sentyabrın 20-si yalnız təqvimdə qeyd olunan bir tarix deyil, milli dövlətçiliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsini simvolizə edən əlamətdar gündür. Şəhid və qazilərimizin canı-qanı bahasına qorunan Vətən torpağında dövlətçilik ənənələrinin hər zaman uca tutulduğu, xalqımızın müstəqillik və azadlıq arzusunun əsrlər boyu yaşadıldığı diqqətə çatdırılıb.Bildirilib ki, 2020-ci ilin sentyabrında Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində işğal altında olan torpaqlarımız azad edilib, 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində Konstitusiya quruluşu bərpa olunub. Bu tarixi hadisələr Azərbaycan dövlətinin suveren hüquqlarının tam təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Hüseyn Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Elsəvər Nağıyev, Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elmira Mürşüdli və Tovuz Dövlət Sosial-İqtisad Kollecinin hüquq müəllimi Elnur Quliyev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda dövlət suverenliyinin cəmiyyətin bütün sahələrində yaratdığı imkanlar, gənclərin milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik işinin gücləndirilməsi, hüquqi maarifləndirmənin əhəmiyyəti, dövlətçilik dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi, eləcə də vətəndaş məsuliyyəti və ictimai həmrəyliyin vacibliyi diqqətə çatdırılıb.






