Tovuzda “15 Sentyabr – Bilik Günü” qeyd olunub
Yeni dərs ilinin başlanması və “15 Sentyabr – Bilik Günü” münasibətilə Tovuz rayonunun bütün ümumtəhsil müəssisələrində müxtəlif tədbirlər keçirilib.
İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta ümumtəhsil məktəbində təşkil olunmuş tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, təhsil işçiləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara tədris və təlim prosesində uğurlar arzulayıb. RİH başçısı bildirib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və təhsilin hərtərəfli inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin rəhbərliyi ilə son illərdə təhsil infrastrukturunun yenilənməsi, müasir məktəb binalarının tikilməsi və mövcud təhsil müəssisələrinin əsaslı təmiri istiqamətində mühüm işlər həyata keçirilib. Görülən tədbirlər nəticəsində yüz minlərlə şagird üçün daha müasir və əlverişli təhsil mühiti yaradılıb.Qeyd olunub ki, tarixən elmə, təhsilə və mədəniyyətə xüsusi önəm verən Tovuz rayonunda da bu sahəyə diqqət və qayğı davamlı xarakter daşıyır. Rayon məktəblərinin məzunları respublikanın və dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olaraq yüksək nəticələr göstərir, müxtəlif sahələrdə Tovuzu layiqincə təmsil edirlər.
Sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva və İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Məmmədova çıxış ediblər.Çıxışlarda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və inkişaf siyasətindən, əldə olunan nailiyyətlərdən, eləcə də təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələrindən bəhs olunub. Tovuz rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, hazırda icra olunan layihələr və ötən tədris ilində əldə edilən nəticələr barədə məlumat verilib. Həmçinin rayonda təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Tədbirin sonunda məktəblilərin hazırladıqları bədii proqram nümayiş etdirilib. Şagirdlərin ifasında rəqs nömrələri təqdim olunub.
Sonda xatirə şəkili çəkdirilib.






