Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

15 may 2026 | 17:01

Tovuz Rayon İcra Hakimiyyəti və Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Milli-mənəvi dəyərlərin qorunmasında ailə institutunun rolu” mövzusunda  tədbir keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev, Tovuz rayon üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi,  gənc ailələr və gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə  çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev bildirib ki, ailə cəmiyyətin əsasını təşkil edən ən mühüm dəyərlərdən biridir və sağlam ailə münasibətləri güclü dövlətin formalaşmasında mühüm rol oynayır. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən ailə institutunun qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi daim diqqət mərkəzində saxlanılıb. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailə dəyərlərinin təbliği, uşaqların və qadınların hüquqlarının müdafiəsi, milli-mənəvi irsin qorunması istiqamətində həyata keçirdiyi mühüm layihələrin cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.

Daha sonra Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fariz Bayramov, Tovuz rayon üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev, Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Pəri Teymurova, baş ustası Könül Qasımova və Çağırışa qədər hərbi rəhbəri Nizami Cəfərov  çıxış edərək bildiriblər ki, ailə dəyərlərinin təbliği və gənclər arasında sağlam münasibətlərin formalaşdırılması bu gün xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda qeyd olunub ki, gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunması, ailəyə hörmət və məsuliyyət hissinin aşılanması gələcəyin sağlam cəmiyyətinin formalaşmasına xidmət edir. Eyni zamanda ailə institutunun qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.

Tədbirin bədii hissəsində Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri tərəfindən ailə dəyərlərinin qorunmasına həsr olunmuş şeirlər səsləndirilib və rəsm işləri iştirakçılara təqdim olunub. Şagirdlərin hazırladıqları nümunələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda ailə dəyərlərinin qorunmasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

#AiləmizƏnGüclüDəyərimizdir

 

 

Keçidlər