Tovuzda 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib
Tovuz şəhər Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.
İlk öncə Milli Qurtuluş günü mövzusunda hazırlanmış video-çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Məmməd Məmmədov konfrans iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, bu günün təkcə dövlət bayramı deyil, həm də ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu bildirmişdir. İcra başçısı qeyd etmişdir ki, XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası yenə də süqut və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşı qarşıya qalmış, bu vaxt Xalq üçün güclü, səriştəli və qəlbi Vətənlə döyünən Liderə ehtiyac yaranmışdı. Cəmiyyətin bütün təbəqələri isə əminliklə ölkəni düçar olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bildirmişdir. Ona görə də xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtmışdır. İcra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru apardığını, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsi olduğunu vurğulamışdır.
Konfransda YAP Tovuz rayon Təşkilatının sədri Nihad Pənahovun “Zəfər yolumuz Qurtuluşumuzdan başladı”, Tovuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazovun “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır”, RİH başçısının Bozalqanlı kənd İƏD üzrə nümayəndəsi Azər Hacıyevin “Azərbaycanın taleyini dəyişən Zəfər tarixi”, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Tovuz nümayəndəliyinin direktoru Aytəkin Qurbanovanın “Müstəqil Azərbaycan gəncliyi gələcəyimizin təminatçısıdır” mövzusunda məruzələri dinlənilmişdir.
Sonda rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov yekun söz olaraq bildirmişdir ki, çıxışlarda səsləndirilən fikirlər Qurtuluş Günü tarixinin nə qədər əhəmiyyətli tarix olduğunu bir daha sübuta yetirdi. Müasir dövrdə Respublika Prezidenti cənab İlham Əliyevin Ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru apardığı və Azərbaycan Respublikasının milli qurtuluş yolunu davam etdirdiyi vurğulanmışdır.