Tovuzda “12 noyabr - Konstitusiya Günü” ilə əlaqədar dəyirmi masa keçirilib
12 noyabr - Konstitusiya Günü münasibətilə Tovuz rayonunda tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri, Şura üzvləri, ziyalıların, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak etmişlər.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov dəyirmi masanı giriş sözü ilə açaraq bildirmişdir ki, Bu il Konstitusiya gününü əlamətdar bir dövrdə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və “Heydər Əliyev ili” çərçivəsində qeyd edirik.
RİH başçısı qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan Əsas Qanundur. Konstitusiya Qanunların aliliyinin təmin edilməsinə, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açdı. Ümummilli Lider Heydər Əliyev Konstitusiya komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verib, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirib, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf edib. Haqlı olaraq Konstitusiyamızı Heydər Əliyev Konstitusiyası adlandırırlar. Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər, islahatlar həyata keçirilib. Milli dövlətimiz durduqca, Ümummilli Lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.
Daha sonra Tovuz Rayon Məhkəməsinin sədri Qafil Baxşıyev “Azərbaycan Respublikasının konstitusiyasında məhkəmə hakimiyyəti”, YAP-nın Tovuz Rayon Təşkilatının sədr müavini İlqar Kərimov “Heydər Əliyev Konstitusiyası”, Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbin direktor əvəzi Şəms Mustafayeva “Azərbaycan Respublikasının konstitusiyası Əsas Qanunumuzdur” mövzularında çıxışlar etmişlər.