Tovuzda 1 noyabr “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur.
Peşə bayramı münasibətilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və rayonun kənd təsərrüfatı sahəsində çalışan bir qrup əməkdaşı əvvəlcə Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, xatirəsini dərin ehtiramla yad etmişlər.
Abidə önünə gül dəstələri qoyulduqdan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Burada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən materiallara baxış keçirmişlər.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Çıxışında aqrar sektorun ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olduğunu vurğulayan rayon rəhbəri bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı, bu sahədə müasir texnika və texnologiyaların tətbiqi, istehsalın stimullaşdırılması, torpaq ehtiyatlarından səmərəli istifadə və məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncamının əhəmiyyəti qeyd olunmuşdur. Eyni zamanda, aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərilməsi, onların mövcud imkanlar və dəstək mexanizmləri barədə məlumatlandırılması, maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və istehsal potensialının artırılması istiqamətində görülən işlərdən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı Tovuz rayonunda da özünü aydın şəkildə göstərir. Rayonun əlverişli torpaq-iqlim şəraiti və kənd təsərrüfatı sahəsində formalaşmış ənənələri burada müxtəlif növ bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı üçün geniş imkanlar yaradır. Son illər aqrar sahədə əldə olunan nəticələr, məhsul istehsalının artırılması və təsərrüfat fəaliyyətinin genişləndirilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərin müsbət nəticəsidir.
Tədbirin sonunda kənd təsərrüfatı sahəsində fəaliyyəti ilə fərqlənən bir qrup əməkdaşa Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.
Sonda xatirə şəkli çəkdirilib.






