Tovuzda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
Tovuz Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhid övladları, rayonun müxtəlif təhsil və mədəniyyət müəssisələrinin şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə uşaqların hazırladıqları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Nizami adına Mədəniyyət Evində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov uşaqları bayram münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, uşaqların hərtərəfli inkişafı, onların sağlam və vətənpərvər ruhda böyüməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və həyata keçirdiyi layihələr vasitəsilə uğurla davam etdirilir.
Bayram tədbiri çərçivəsində uşaqlar tərəfindən bayram tortu kəsilib
Daha sonra şəhid övladlarına və tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində uşaqların ifasında rəngarəng musiqi və rəqs nömrələri nümayiş olunub, ədəbi-bədii kompozisiyalar təqdim edilib. Şən əhval-ruhiyyə şəraitində keçən tədbir iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb






