Tovuzda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhid övladları, rayonun təhsil müəssisələrinin uşaq fəaliyyət qrupları və rayonun balaca sakinləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbir açıq elan olunub.
Tovuz RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova uşaqlara Tovuz Rayon İcra Hakimiyyəti başçısının təbriklərini çatdırmışdır. Qeyd etmişdir ki, əsası Ulu Öndər tərəfindən qoyulan ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də uşaqların hüquqlarını müdafiəsi olmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycanda uşaqlara qayğı və dəstək hər zaman olduğu kimi bu gün də davam etdirilir.
Sonra uşaqlar üçün hazırlanan bədii hissədə rayonun incəsənət ustalarının ifasında konsert təşkil edilib. Tədbirdə uşaqların ifasında rəqslər, rəsm və əl işi sərgiləri təşkil olunub. Tədbirdə iştirak edən şəhid övladlarına hədiyyələr təqdim olunub, onların əyləncəli atraksionlardan istifadəsi təmin edilmişdir.