Tovuz RİH başçısı yüksək bal toplayan məzunlarla görüşüb
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 2021-2022 tədris ilində yüksək bal toplayan məzunlarla görüşüb. Tovuz rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə məzunlarla yanaşı onların valideyinləri və müəllimlər də iştirak edib.
Tədbir iştirakçıları qarşısında çıxış edən Məmməd Məmmədov yüksək bal toplayaraq tələbə adını qazanan məzunları təbrik edərək onlara bundan sonrakı bütün fəaliyyətlərində uğur və nəaliyyətlər arzulayıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğının ölkə təhsilinin inkişafında xüsusi əhəmiyyəti olduğunu qeyd edən RİH başçısı, həmin siyasətin nəticəsi olaraq Tovuzda da təhsil sahəsinin uğurla inkişaf etdiyini və yüksək nəticələr əldə olunduğunu vurğulamışdır.
Daha sonra F.Qasımov adına Xatınlı kənd tam orta məktəbin direktoru Amalya Quliyeva, həmin məktəbin məzunu Leyla Məmmədli və A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin məzunu Əsmər Paşayeva çıxış edərək ölkənin hər yerində, o cümlədən Tovuz rayonunda yüksək səviyyəli təhsil sisteminin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, bundan sonra da ölkəmiz və rayonumuzun gələcəyi üçün daha böyük səylə çalışacaqlarını qeyd etmişlər.
Sonda yüksək bal toplayaraq tələbə adını qazanan məzunlara rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.