Tovuz RİH başçısı yanında yaradılmış xüsusi Qərargahın iclası keçirilib
Taxıl biçini kampaniyasının mütəşəkkil keçirilməsi və taxılın itkisiz yığılması, taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu torpaqlarında yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi ilə bağlı RİH başçısı yanında yaradılmış Xüsusi Qərargahın iclası keçirilib.
İclasda Xüsusi Qərargahın üzvləri, idarə və müəssə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
İclası Tovuz Rayon İcra Hakimiyyətinin başçısı, Qərargahın sədri Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, hazırda rayon ərazisində taxıl biçini mövsümü başlanıb. Biçinin mütəşəkkil keçirilməsi və taxılın itkisiz yığılması, taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu torpaqlarında yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi çox zəruridir. Bütün ərazilərdə biçinin müvafiq texniki normalara uyğun aparılması və yanğın təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlər görülməli, bu məsələlərlə bağlı torpaq mülkiyyətçiləri maarifləndirilməli və biçini aparan texniki heyyət ehtiyatlı davranmalıdır.
Sonra RİH başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımovun çıxış edərək qeyd etmişdir ki, cari mövsümdə 9073 hektarı Ceyrançöl ərazisində olmaqla rayon üzrə cəmi 15644 ha taxıl, 2816 hektar arpa əkilmişdir. Hazırda rayonda arpa biçini aparılır və taxıl biçininə başlanmışdır. Rayonda taxıl biçini kampaniyasının mütəşəkkil şəkildə təşkil edilməsi və məhsulun itkisiz toplanması üçün bütün tədbirlərin vaxtında və aqrotexniki qaydalara uyğun aparılması torpaq sahibkarları, yerli mülkiyyətçilərlə qarşılıqlı əlaqəli şəkildə işin qurulması inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələrin qarşısında duran əsas vəzifələrdəndir.
Bununla yanaşı taxıl zəmilərində yanğın təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi Qərargahın vəzifələri kimi müəyyənləşmişdir. Qərargah biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında maarifləndirmə, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını, təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin və digər zəruri təxirəsalınmaz işlərin görülməsini mütamadi nəzarətdə saxlayacaqdır. Bununla bağlı inzibati ərazi dairələri üzrə nümayəndələr yerlərdə sahələrə baxış keçirməli, torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparmalı, mühafizə zolaqlarının şumlanmasını ətraf sahələrin quru otlardan təmizlənməsini təşkil etməlidirlər. Sözügedən təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin və digər zəruri təxirəsalınmaz işlərin görülməsi üçün müvafiq məlumatların, habelə baş vermiş yanğın hadisələri barədə məlumatların qərargaha təqdim olunması üçün “Qaynar xətt” əlaqə mərkəzi (315 32 26, 315 30 56) yaradılmışdır.
Daha sonra Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov, Dövlət Yanğından Mühafizə hissəsinin rəisi müavini Şahlar Əhmədov, “Aqrolizing” ASC rayon bölməsinin rəhbəri Aməddin Yusifov, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin mütəxəssisi Müqalib Muradov, Tovuz Rayon Toxumçuluq İdarəsinin rəisi, Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarov, Tovuz DAİM-in Texniki Nəzarətin təşkili üzrə baş məsləhətçisi Kənan Yusifov çıxış ediblər.
Tədbir qarşılıqlı fikir mübadiləsi və dialoq şəkilində davam edib.