Tovuz RİH başçısı dağ kəndlərindəki Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib
“27 Sentyabr – Anım Günü” ərəfəsində Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi Tovuz rayonunda dərin ehtiramla yad edilir. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun şəhid ailələri ilə birlikdə dağ kəndlərindəki Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.
RİH başçısı rayonun Qaralar, Qaradaş, Çeşməli, Çatax, Əsrik Cırdaxan, Koxanəbi, Bayramlı və Azaflı kəndlərində dəfn olunan şəhidlərimizin məzarlarını ziyarət edib. Məzarların üzərinə gül-çiçək dəstələri düzülüb, şəhidlərin əziz ruhuna dualar oxunub, onların müqəddəs xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Ziyarət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolu, Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlıq bir daha ehtiramla xatırlanıb. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün əsl Vətən sevgisi və vətənpərvərlik nümunəsi olacaq.
RİH başçısı şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Bildirilib ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Onların sosial-məişət problemlərinin həlli və müraciətlərinin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.Qeyd olunub ki, şəhidlərin əziz xatirəsini yaşatmaq, onların ailələrinə diqqət və qayğı göstərmək, Vətən qarşısındakı misilsiz xidmətlərini daim ehtiramla yad etmək hər birimizin mənəvi borcudur.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






