Tovuz rayonunda taxıl biçini prosesinin təşkilinə həsr olunmuş regional müşavirə keçirilib
Tovuz rayonunda taxıl biçini prosesinin təşkilinə həsr olunmuş regional müşavirə keçirilib.
Müşavirədə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli,Tovuz Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Tovuz rayon Yanğından Mühafizə hissəsinin rəisi Şahlar Əhmədov, Ağstafa,Qazax,Tovuz,Şəmkir,Gədəbəy,Samux,Göygöl rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzləri, “Aqroservis” ASC və fermerlər iştirak ediblər.
RİH başçısı Məmməd Məmmədov çıxış edərək bildirmişdir ki, Kənd təsərrüfatı ölkədə həm ərzaq təhlükəsizliyinin davamlı təmin olunması, həm də bölgələrdə məşğulluq səviyyəsinin artırılmasında mühüm rol oynayır. Bu sahənin inkişafına geniş dövlət dəstəyinin verilməsi taxılçılığın da inkişafına müsbət təsir göstərir. Biçin dövründə meydana çıxa biləcək çətinliklərin operativ şəkildə həllində bölgələrdə keçirilən bu formatlı tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Müşavirədə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, taxıl biçininin operativ şəkildə təşkili üçün nazirlik tərəfindən Tədbirlər Planı hazırlanıb. Bu plana uyğun olaraq “Aqroservis” ASC tərəfindən bölgələrdə texnikaya olan ehtiyac əvvəlcədən müəyyənləşib. Biçin ərəfəsində rayonların texnikaya olan ehtiyacına uyğun təminat həyata keçirilib və hazırda ölkənin Aran bölgəsində arpa sahələrində aktiv biçin həyata keçirilir. Bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması, eləcə də fermerlərin sertifikatlı toxuma əlçatanlığının artırılması istiqamətində mühüm tədbirlər görüldüyünü deyən Sərdar Hacıyev toxumluq taxıl sahələrində biçin prosesinin vaxtında aparılmasının, toxumların təmizlənərək sertifikatlaşdırılmasının vacibliyini önə çəkib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli taxılçılıqda mövcud vəziyyət və qarşıda duran əsas hədəflər barədə məlumat verib. Müşavirə iştirakçılarını respublika üzrə taxıl biçininin gedişinə dair operativ məlumatlarla tanış edən şöbə müdiri bildirib ki, prosesin mütəşəkkil qaydada həyata keçirilməsi üçün bütün rayonlar üzrə taxılyığan kombaynların dislokasiya planına nəzarət olunmalı, biçinə cəlb ediləcək mövcud kombaynlara vaxtında texniki baxış keçirilməli, nasaz vəziyyətdə olan texnikalarda isə təmir və sazlama işləri operativ şəkildə görülməlidir.
Müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklərin həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.






