Tovuz rayonunda “Əmək yarmarkası” keçirilib
Tovuz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialı tərəfindən Tovuz şəhərində əmək yarmarkası təşkil olunmuşdur.
Yarmarkada Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov, Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri və rayon sakinləri iştirak etmişdilər.
Yarmarkaya 18 özəl müəssisə tərəfindən ümumilikdə 100 boş iş yeri təqdim edilmişdir. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 200-1500 manat aralığında olub.
Qeyd edək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd Qazax-Tovuz iqtisadi regionunda məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.
Yarmarkada 185 nəfər işsiz və işaxtaran şəxs qeydiyyatdan keçərək iştirak etmişdilər. Həmçinin iştirak edən işsiz və işaxtaran şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almışdılar.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.






