Tovuz rayonunda Aqrar Sığorta ilə bağlı təqdimat keçirilib
Aqrar Sığorta Fondu və Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Tovuz KOB dostu və Tovuz DAİM-nin nümayəndələri, yerli icra nümayəndələri və fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən Tovuz RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin şöbə müdirinin müavini Alı İbrahimov rayonda aqrar sahənin sürətlə inkişaf etdiyini qeyd edib.
Sonra Qazax-Tovuz iqtisadi rayonunda aqrar sığortanın əhəmiyyəti, faydaları və fermerlər üçün üstünlükləri barədə regional filial rəhbəri Valeh Əsədov tədbir iştirakçılarına ətraflı məlumat verib. Azərbaycanda baş verən təbii fəlakətlər, dolu və sel-subasma hadisələrinin qərb bölgəsində təsərrüfatlara vurduğu zərər və fermerlərə ödənişlərin edilməsi ilə bağlı mövcud vəziyyət müzakirə edilib. Heyvandarlıq sahəsində sığorta tariflərinin aşağı endirildiyi vurğulanıb.
Qeyd edilib ki, Qazax-Tovuz bölgəsi Azərbaycanda iqlim hadisələrinin ən çox baş verdiyi bölgələrdəndir. Araşdırmalar göstərir ki, ölkə ərazisində hər il qeydə alınan dolu hadisələrinin yarıdan çoxu bu regionun payına düşür. Görüşdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı geniş məlumat verilib. Tovuz rayonunda bu istiqamətdə fermerlərlə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb.