Tovuz rayonu Aşağı Öysüzlü kəndində səyyar qəbul keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Aşağı Öysüzlü kəndində səyyar qəbul-görüş keçirib.
X.Cəfərov adına Qaziqulu kənd ümumi orta məktəbində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov çıxış edərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçən 19 il ərzində ölkədə müşahidə olunan inkişafı, həyata keçirilən layihə və tədbirləri diqqətə çatdırıb, bu istiqamətdə bütün regionlarda, o cümlədən Tovuz rayonunda görülən işlər barədə məlumat verib.
Daha sonra qəbula gələn kənd sakinləri fərdi və kollektiv formada problemlərini dilə gətiriblər. RİH başçısı səsləndirilən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıq və tövsiyələrini verib.
Aşağı Öysüzlü sakinləri ölkədə görülən işlərdən razılıq edərək, cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.