Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşına “Tərəqqi” medalı təqdim olunub
“Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmmədova Rəna Balakişi qızına medalı təqdim olunub.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov “Tərəqqi” medalını təqdim edərək bu təltifi səmərəli fəaliyyətin, peşəkarlığın və vəzifə borcuna sədaqətin yüksək qiymətləndirilməsi və ölkə başçısı cənab İlham Əliyevin dövlət qulluqçularına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. Bildirilib ki, dövlət qulluqçusunun əsas vəzifəsi tutduğu vəzifənin məsuliyyət və şərəfini dərindən dərk etmək, xalqa və dövlətçiliyə vicdanla və sədaqətlə xidmət göstərmək vəzifəsidir. Rayon rəhbəri bu yolda bütün dövlət qulluqçularına uğur və xidmətlərində böyük nailiyyətlər arzulayıb.
Rəna Məmmədova dövlət qulluqçularına göstərilən yüksək diqqət və etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.






