Tovuz Rayon İcra Hakimiyyətinin başçısı meyvəçilik təsərrüfatının inkişaf imkanları ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Torpaqqala kəndində sahibkar Ələsgərov Səddam Kamal oğluna məxsus meyvəçilik təsərrüfatında olub.
Rayon İcra Hakimiyyətinin başçısı təsərrüfatın fəaliyyəti ilə yaxından tanış olub, nektarin, xurma və alma bağlarına baxış keçirib, məhsul yığımı prosesini izləyib, istehsalın təşkili və görülən işlərlə maraqlanıb. Daha sonra məhsulların saxlanıldığı anbara baxış keçirilib, məhsulun çeşidlənməsi, qablaşdırılması və saxlanma şəraiti ilə tanış olunub.
Görüş zamanı Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə, istehsalın genişləndirilməsi, müasir aqrotexniki yanaşmaların tətbiqi və meyvəçilik təsərrüfatının inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Təsərrüfatın mövcud potensialının daha da artırılması, məhsuldarlığın yüksəldilməsi və Dövlət Proqramının təqdim etdiyi imkanlardan maksimum faydalanılması istiqamətində müvafiq tövsiyələr verilib.
Təsərrüfat rəhbəri Səddam Ələsgərov təsərrüfatın gələcək inkişaf planları barədə ətraflı məlumat verərək, istehsal gücünün artırılması, sahələrinin genişləndirilməsi və müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən danışıb. O, xüsusilə məhsulların uzunmüddətli və keyfiyyətli saxlanılması, satış imkanlarının genişləndirilməsi məqsədilə müasir soyuducu anbarın tikintisinə dövlət dəstəyinin göstərilməsinin vacibliyini diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasəti regionlarda kənd təsərrüfatının, o cümlədən meyvəçilik sahəsinin inkişafına geniş imkanlar yaradıb. Dövlət tərəfindən tətbiq olunan subsidiyalar, güzəştli kreditlər və digər dəstək mexanizmləri sahibkarlığın inkişafına, istehsal həcminin artırılmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.
Sonda təsərrüfatın rəhbəri göstərilən diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.






