Tovuz Rayon İcra Hakimiyyətində aparat iclası keçirilib
Tovuz Rayon İcra Hakimiyyətində İcra başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə aparat iclası keçirilib.
İclasda rayon icra hakimiyyətinin cari və perspektiv fəaliyyət istiqamətləri geniş müzakirə olunub, illik iş planının icra vəziyyəti və qarşıda duran vəzifələr nəzərdən keçirilib.
Gündəlikdə duran əsas məsələlər sırasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr yer alıb. Bu istiqamətdə işlərin daha da gücləndirilməsi, müasir yanaşmaların tətbiqi və keyfiyyətin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. İclasda həmçinin rayonda aparılan abadlıq işləri, yeni salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq və bu sahədə görülən işlərin davam etdirilməsi məsələləri ətraflı müzakirə olunub.
Qeyd olunub ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaş müraciətlərinə baxılması, xüsusilə şəhid ailələri və qazilərin sosial problemlərinin operativ şəkildə araşdırılması və həlli daim diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, RİH başçısı aparatında və səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin təhlili, onların araşdırılması və nəticəyönümlü tədbirlərin görülməsi istiqamətində tapşırıqların icrası vəziyyəti müzakirə edilib.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn, o cümlədən Dövlət Nəzarət İnformasiya Sistemi (DNİS) üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi diqqətə çatdırılıb.
Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən müvafiq struktur bölmələrə konkret tapşırıqlar verilib, icra intizamının gücləndirilməsi və vətəndaş məmnunluğunun təmin olunması əsas prioritet kimi bir daha vurğulanıb.






