Tovuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə bağlanmışdır
Bu gün Tovuz rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Tovuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanmışdır.
İmzalanma mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət Vəliyev, RİH başçısı aparatının və AzTU-nun əməkdaşları iştirak etmişlər.
Müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.
İmzalanma mərasimində bildirildi ki, müqavilənin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində bağlanması və “Heydər Əliyev ilində” icra olunması əhəmiyyətli hadisə olmaqla bərabər onun irsinin davamına mühüm töhfədir. Məhz Ulu Öndər ölkəmizin, o cümlədən Tovuz rayonunun dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən özü rəhbərlik edirdi.
“Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin–layihəsi Tovuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında ilk layihədir. Görüşdə layihənin gedişatına dair fikir mübadiləsi aparılmışdır.
AzTU-nun Sosial-inkişaf mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri Tovuz Rayon İcra Başçısı Məmməd Məmmədova təqdim edilmişdir.
Sonda xatirə şəkili çəkdirilmişdir.