Tovuz Rayon İcra Hakimiyyəti başçısının rayonun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci Ərazi sektorunun müdiri Elvin Azadəliyev, Milli Məclisin deputatları Nizami Səfərov və Arzu Nağıyev, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə- təşkilatların və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaq iştirakçılar əvvəlcə Heydər Əliyev adına Tovuz şəhər Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Nizami adına Mədəniyyət evində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş stendlərə baxış keçirilib, kitab sərgisi, 2025-ci il ərzində rayonda görülmüş işləri əks etdirən stendlər və kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanışlıq olub.
Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və hesabat yığıncağı açıq elan olunub.
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2025-ci ildə də davamlı inkişaf yolunda mühüm uğurlar qazanıb. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ölkədə idarəetmənin səmərəliliyi artırılıb, sosial rifahın yüksəldilməsi və regionların tarazlı inkişafı əsas prioritetlər kimi müəyyən edilib.
2025-ci il ərzində Tovuz rayonunda dövlət proqramları və Prezident sərəncamlarından irəli gələn tapşırıqların icrası istiqamətində ardıcıl işlər görülüb. Dövlət və özəl sektor arasında əməkdaşlıq genişlənib, həyata keçirilən tədbirlər rayon əhalisinin rifahının yaxşılaşdırılmasına, sosial müdafiənin gücləndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edib.
Diqqətə çatdırılıb ki, ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar Azərbaycanın sosial-iqtisadi həyatında yeni inkişaf mərhələsi yaradıb. 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər, 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramının uğurla icrası Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasət Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ardıcıl şəkildə həyata keçirilir və tovuzlular tərəfindən yüksək rəğbətlə qarşılanır.
Hesabat yığıncağında Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov, Vətən müharibəsi iştirakçısı Eyvaz Süleymanov və rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Mücaməddin Axundov çıxış edərək öz sahələri üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci Ərazi sektorunun müdiri Elvin Azadəliyev, Milli Məclisin deputatları Nizami Səfərov və Arzu Nağıyev çıxışlarında qeyd ediblər ki, Azərbaycanın bugünkü inkişafının əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Bu siyasi xətti müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirən Prezident İlham Əliyev ölkəmizin suverenliyini, milli maraqlarını və beynəlxalq mövqeyini uğurla möhkəmləndirib.
Tədbir çərçivəsində 2025-ci ildə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Tovuz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul edilib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.






