Tovuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirildi
24 iyul 2026 | 17:55
Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə Şura iclası keçirilib. İclasda Şura üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər. Şura İclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi, torpaq resurslarının qorunması və ondan səmərəli istifadə olunması, suvarma suyundan səmərəli istifadə mexanizminin inkişaf etdirilməsi, intensiv meyvə bağlarının salınması, istixana komplekslərinin sahəsinin artırılması, buğdanın məhsuldarlığının artırılması, heyvandarlıq məhsullarının, o cümlədən mal və qoyun əti, quş əti, süd və yumurta istehsalının artırılması, balıqçılıq sahəsi üzrə potensialının öyrənilməsi və inkişafı, emal sahəsinin inkişaf etdirilməsi və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi ilə bağlı mövcud vəziyyət təhlil edilərək rayonun sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərə yönələn təkliflər hazırlanması və icra edilməsi müzakirə edilmişdir.
İclasda Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov çıxış edərək suvarma infrastrukturunun mövcud vəziyyəti haqqında məlumat vermiş, Sudan İstifadə Edənlər Birliklərin fəaliyyətində səmərələliyin artırılması, su itgilərinin qarşısının alınması istiqamətində tədbirlərin görülməsinin qarşıda duran əsas məqsədlərdən olduğunu bildirmişdir. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov çıxışında Dövlət Proqramına uyğun olaraq aqrar sahə üzrə tətbiq olunan dövlət güzəştlərinin təşviqi ilə bağlı görüləcək işlər, bəyan edilmiş əkin sahələri ilə “Ev təsərrüfatlarının uçotu kitabı”nda kənd təsərrüfatının statistikasının dürüstləşdirilməsinin əhəmiyyəti haqqında məlumat vermişdir. Tovuz rayon Statistika idarəsinin rəisi Niyazi Tağıyev çıxışında “Ev təsərrüfatlarının uçotu kitabı”nda kənd təsərrüfatının statistikasına aid bütün göstəricilərin ölkəmizin və rayonun davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı qərarların qəbulunda əhəmiyyətini qeyd edərək məlumatların mütamadi dürüstləşdirilməsinin zəruriliyini bildirmişdir.
Sonda rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov Dövlət Proqramından irəli gələn vəzifələrin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar vermiş, dövlətin sahəyə tətbiq etdiyi güzəştlərlə bağlı istehsalçıların maarifləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin və kənd təsərrüfatı statistikasının dürüsləşdirilməsinin vacibliyi vurğulamışdır.






