Tovuz Rayon İcra Hakimiyyəti başçısı Əsrik Cırdaxan kəndində səyyar qəbul keçirib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayon sakinləri ilə birbaşa ünsiyyətin gücləndirilməsi və vətəndaş müraciətlərinin yerində araşdırılması məqsədilə keçirdiyi səyyar qəbullar davam edir. Növbəti qəbul Əsrik Cırdaxan kəndində təşkil olunub.
Görüşdə rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri, həmçinin məsul şəxslər iştirak ediblər. Qəbul zamanı kənd sakinlərinin müxtəlif məzmunlu müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərə dair müvafiq izahatlar verilib.
Səyyar qəbul çərçivəsində əsasən sosial rifah, infrastrukturun yaxşılaşdırılması və məişət problemləri ilə bağlı məsələlər müzakirə olunub. Bəzi müraciətlər yerindəcə həll edilib, araşdırma tələb edən məsələlər isə müvafiq qurumlara yönləndirilib və onların icrası nəzarətə götürülüb.
Sakinlər səyyar qəbulun problemlərin operativ həllinə şərait yaratdığını vurğulayıblar. Onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






