Tovuz Peşə Liseyində “Açıq qapı günü” keçirilib
Tovuzda Tovuz Peşə Liseyində “Açıq qapı günü” keçirilib. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, ictimaiyyət nümayəndələri, rayonun orta ümumtəhsil məktələblərin rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Açıq qapı günü çərçivəsində Liseyin müxtəlif ixtisaslar üzrə buraxılış qruplarının tələbələrinin istehsalat təlimi və təcrübəsi zamanı hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunub, sinif otaqlarında nəzəri dərslər və emalatxanalarda təcrübi biliklərin tətbiqi yerində izlənilib, Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hərbi hazırlıq dərslərinin açıq havada nümayişinə baxış keçirilib. Tədbirdə Tovuz Peşə Liseyinin Aşpaz, Elektrik qaz qaynaqçısı, Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, Dülgər, Dərzi, Xalçaçı ixtisasları ilə yanaşı, Qazax Peşə Liseyinin, Tovuz şəhər Mahir Ələkbərov və Tovuz rayonu Qovlar şəhər Sovet Kazımov adına tam orta məktəblərin peşə təmayüllü siniflərinin də hazırladıqları sərgi təqdim edilib.
RİH başçısı Məmməd Məmmədov Liseyin hazırlığını yüksək qiymətləndirib, görülən işlərin keyfiyyətinin daha da artırılması üçün dövlət tərəfindən hərtərəfli dəstəyin göstərildiyini ifadə edibdir. İcra başçısı çıxışında dövlətin bütün sahələrə olduğu kimi təhsil sahəsinə də xüsusi diqqət göstərildiyini önə çəkərək müasir infrastruktur layihələrin icrasından danışdı, Prezident cənab İlham Əliyevin təhsilin digər pillələri ilə yanaşı peşə təhsilinin inkişafı ilə bağlı da həyata keçirdiyi işlərin bəhrəsini verdiyini dilə gətirdi.
Tovuz Peşə Liseyinin direktoru Nicat Göyüşov və direktor müavini Sərxan Musayev Liseyin bir il ərzində gördüyü işlər barədə hesabat xarakterli çıxış edib, dərs ili boyu rayonun müxtəlif tədbirlərində, idman və intellektual yarışlarda nəaliyyətlər qazanmış tələbələr haqqında iştirakçıları məlumatlandırıblar. Dövlət başçısı tərəfindən peşə təhsilində texniki imkanların genişləndirilməsi işləri ilə yanaşı bu sahədə çalışan işçilərin və pedaqoji heyətin maddi vəziyyətinin, sosial rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Sonda kollektivlə birgə xatirə şəkili çəkdirilib.