Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz məktəblərində “Son zəng” günü qeyd edilib

14 iyun 2022 | 12:26

2021-2022-ci tədris ilinin yekunu ilə əlaqədar bu gün Tovuz rayonunun bütün ümumtəhsil məktəblərində "Son zəng" günü qeyd edilir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin “Son zəng” tədbirində iştirak edib.

İlk öncə Azərbaycan Respublikasın Dövlət Himni səsləndirilib və tədbir açıq elan olunub. Sonra torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Məmməd Məmmədov tədbir iştirakçılarını salamlayaraq, bu ilki məzunları “Son zəng” münasibətilə təbrik edib. İcra başçısı qeyd edib ki,  əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan mükəmməl dövlət siyasətinin prioritet məsələlərindən biri təhsil olmuşdur. Hazırda həmin siyasət ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Məmməd Məmmədov təhsil sahəsində ölkədə və rayonumuzda görülən işlərdən və həyata keçirilən tədbirlərdən söz açmış, vətənpərvərlik ruhunda yetişən gənclərimizin Vətən müharibəsində göstərdikləri şücaətlərini vurğulamışdır. İcra başçısı şagirdlərin təhsili və inkişafı üçün müasir standartlara cavab verən və yüksək texnologiya ilə təchiz olunan Y. Sadıqov adına tam orta məktəb və bunun kimi yeni tikilən və ya təmir olunan məktəblərin əhəmiyyətini qeyd edib.

“Son zəng” tədbirində rayon Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü və məktəbin direktoru Nüsrət Quliyev çıxış edərək öz təbriklərini çatdırmış, məktəbin şagirdlərinin təhsil və digər sahələrdə əldə etdiyi uğurlardan söz açmış, təhsil sahəsində rayonumuzun bütün məktəblərində, həmçinin Y. Sadıqov adına orta məktəbdə görülən işlərə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı və məktəbin rəmzi “Bilik açarı” növbəti ilin məzunlarına və bu ilki birincilərə təqdim olunub və “Son zəng” çalınıb.

Keçidlər