“Tovuz – Gənclər Paytaxtı 2022” bağlanış mərasimi keçirilib
Tovuz şəhəri Nizami adına mədəniyyət evində “Tovuz – Gənclər Pyataxtı 2022” bağlanış mərasimi keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunmuşdur.
RİH başçısının müavini Təranə Bayramova çıxış edərək tədbir iştirakçıları salamlamış, onları 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir. T. Bayramova bildirmişdir ki, rayonumuz 2022-ci il üçün layiq görüldüyü “Gənclər paytaxı” adını çox yaxşı doğrultmuş və bir il ərzində keçirilən tədbirlərdə iştirak edən gənclərimiz öz inkişafları və gələcəkləri üçün bu tədbirlərdən bəhrələnə bilmişlər.
Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov öz çıxışlarında bir il ərzində rayonda keçirilən region və ölkə səviyyəli tədbirlərə diqqət çəkmiş, “Tovuz – Gənclər Paytaxtı 2022” əhatə dairəsindən və bu müddət ərzində görülən işlərdən bəhs etmişlər.
Tədbirdə “Tovuz – Gənclər Paytaxtı 2022” müddətində rayonda həyata keçirilən müxtəlif səpkili tədbirlər, düşərgələr, forumlar və konqresləri özündə ehtiva edən videoçarx nümayiş etdirilmişdir.
2022-ci ilə ərzində öz fəaliyyətləri ilə fərqlənən idarə və təşkilatlara, həmçinin gənclərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbir bədii-əyləncəli hissə ilə davam etmişdir.