Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz döyüşlərində şəhid olan hərbçilərimizin ailələrinə “Vətən uğrunda” medalları təqdim olunub

06 may 2026 | 15:11

Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş gizir Zeynallı İlqar Ayaz oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlunun ailələrinə “Vətən uğrunda” medalları təqdim olunub.

Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 07 noyabr 2025-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncamına əsasən, Tovuz rayonundan olan şəhidlərimiz Zeynallı İlqar Ayaz oğlu və Məmmədov Elşad Dönməz oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər. Medallar şəhidlərin ailə üzvlərinə təqdim olunub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsinin rəisi Elsəvər Nağıyev və rayon ictimaiyyətinin nümayəndələri “Vətən uğrunda” medallarını təqdim etmək üçün ailə üzvləri ilə görüşüblər.

Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qeyd edib ki, 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşləri Azərbaycan xalqının iradəsinin, ordumuzun gücünün və vətənpərvərlik ruhunun parlaq təzahürü kimi tarixə yazılıb. Bildirilib ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusunun igid övladları düşmənə sarsıdıcı zərbələr endirərək, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canlarını fəda ediblər. Şəhidlərimizin qəhrəmanlığı hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir və onların xatirəsi daim uca tutulacaq.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər