Tovuz Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı günü” keçirilib
18 iyun 2026 | 17:59
Tovuz Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı günü” keçirilib.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, ictimaiyyət nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları iştirak ediblər.
“Açıq qapı günü” çərçivəsində Mərkəzin müxtəlif ixtisaslar üzrə buraxılış qruplarının tələbələrinin istehsalat təlimi və təcrübə dövründə hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbir iştirakçıları nəzəri dərslərin gedişi, praktiki biliklərin tətbiqi ilə yaxından tanış olublar. Həmçinin Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənləri üzrə açıq havada təşkil olunmuş nümunəvi məşğələlər izlənilib.
Tədbirdə Mərkəzin Aşpaz, Elektrik qaz qaynaqçısı, Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, Dülgər, Dərzi və Xalçaçı ixtisasları üzrə təhsil alan tələbələrinin hazırladıqları məhsullar və əl işləri nümayiş etdirilib. Sərgidə təqdim olunan nümunələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov sərgi ilə tanış olaraq tələbələrin hazırlıq səviyyəsini və nümayiş etdirilən işlərin keyfiyyətini yüksək qiymətləndirib. O bildirib ki, peşə təhsilinin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi istiqamətində dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.İcra başçısı qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, müasir infrastruktur layihələrinin icrası və peşə təhsilinin inkişafına göstərilən xüsusi diqqət bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Vurğulanıb ki, əmək bazarının tələblərinə cavab verən peşəkar mütəxəssislərin hazırlanması ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.






