Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ülvi Mahmudzadənin xatirəsinə yaradılmış bulaq kompleksinin açılışı olub

31 may 2023 | 15:48

Tovuz rayon Alakol kəndində şəhid Mahmudzadə Ülvi Məzahir oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, RİH başçısı aparatının məsul işçiləri, şəhidin yaxınları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən RİH başçısının birinci müavini Rəşad Zeynalov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi qələbənin tarixi əhəmiyyətini vurğulamış, Ülvi Mahmudzadə kimi qəhrəman hərbiçilərimiz sayəsində müharibədən sonra baş verən təxribatların qarşısının uğurla alındığını qeyd etmişdir.

Digər çıxışlarda  tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyindən və Ülvi Mahmudzadənin  gənclərə nümunə olan qısa və şərəfli ömür yolundan bəhs olunmuşdur.

Ülvi Məzahir oğlu Mahmudzadə 1991-ci il mayın 31-də Tovuz rayonunun Alakol kəndində anadan olub. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmiş, sonra isə yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirmişdir.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribat zamanı Ülvi Mahmudzadə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş, Tovuz rayonunun Alakol kənd qəbirstanlığında dəfn olunmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə əsgər Mahmudzadə Ülvi Məzahir oğlu “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət etsin!

 

 

Keçidlər