Şəhid Hüseynov Cavid Hümbət oğlunun xatirəsinə yaradılmış bulaq kompleksinin açılışı olub
Tovuz rayon Alakol kəndində şəhid Hüseynov Cavid Hümbət oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.
Açılış mərasimində Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, RİH başçısı aparatının məsul işçiləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən RİH başçısının birinci müavini Rəşad Zeynalov Azərbaycan tarixinin şərəfli səhifələrindən və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi qələbənin tarixi əhəmiyyətindən bəhs etmiş, ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyini vurğulamışdır.
Digər çıxışlarda tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Cavid Hüseynovun gənclərə nümunə olan qısa və şərəfli ömür yolundan danışılıb, eyni zamanda şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Sonda kənd qəbristanlığında Cavid Hüseynovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Allah Şəhidlərimizə rəhmət eləsin!