RİH başçısı müalicədən qayıdan Vətən müharibəsi qazisi Hüseyn Mustafayevi evində ziyarət edib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri müalicədən qayıdan Xatınlı kənd sakini I qrup müharibə əlili Mustafayev Hüseyn İslam oğlunu evində ziyarət edib.
RİH başçısı Məmməd Məmmədov Hüseyn Mustafayevin atası İslam Mustafayev ilə söhbət zamanı qazimizin ümumi sağlamlıq vəziyyəti, “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə aparılan müalicəsi ilə bağlı ətraflı məlumat alıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Hüseyn kimi qəhrəman övladlarımızın şücayəti ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı qazandığı qələbənin tarixi əhəmiyyətini vurğulayıb.
İslam Mustafayev Vətən müharibəsi iştirakçılarına və əlillərinə daim göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Hüseyn İslam oğlu Mustafayev Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. Vətən müharibəsinin gedişində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanan qazimiz döyüşlərdə göstərdiyi şücayətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” , “Qüsursuz xidmətlərə görə” medalları ilə təltif olunub.