Respublika qəzeti: "Zəhmət bəhrəsini verir"
Respublikamızda qeyri-neft sektoruna, o cümlədən kənd təsərrüfatına dövlət dəstəyi nəticəsində nailiyyətlər əldə olunur. Qazax-Tovuz iqtisadi rayonuna daxil olan və iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edən Tovuz hər zaman keyfiyyətli ərzaq məhsullarının istehsalında fərqlənir.
Rayon fermerləri demək olar ki, ilin bütün fəsillərində daxili bazarlarda istehsal etdikləri ekoloji təmiz kənd təsərrüfatı məhsullarının satışını həyata keçirirlər.
Tovuz coğrafi cəhətdən dağlıq və aran hissədən ibarətdir. Aran bölgəsində məhsul yığımı aparıldıqdan sonra dağlıq zonada bu prosesə başlanılır. Burada əkilib-becərilən məhsullar dəmyə şəraitində yetişdirilir. Əvvəlcə aran bölgəsində istixanalarda yetişdirilən tərəvəz məhsulları, faraş kartof respublika bazarlarında bolluq yaratmaqla yanaşı bir sıra xarici ölkələrə ixrac olunur. Sonra açıq hava şəraitində becərilən məhsulların yığımı həyata keçirilir.
Rayon ərazisində aqrar sahə insanların işlə təminatında böyük əhəmiyyət daşıyır. Hətta qonşu rayonlardan da buraya işçi qüvvələri cəlb olunur.
Ən başlıcası isə rayon ərazisində suvarmanın həyata keçirilməsində müstəsna əhəmiyyətə malik olan "Tovuzçay" və "Ağstafaçay" su anbarlarında kifayət qədər su yığılıb. Suvarmada su itkisinin qarşısını almaq üçün çiləmə, damcılama üsullarından, eləcə də böyük təsərrüfatlarda "PİVOT" suvarma sistemindən istifadə olunur.
Tovuz ölkənin iri kənd təsərrüfatı rayonlarından biri olmaqla 32226 hektar əkinəyararlı torpaq sahəsinə malikdir. 2023-2024-cü əkin mövsümü üçün fermerlər 14137 hektar ərazidə taxıl səpini həyata keçirmişlər. Bundan 11902 hektar buğda, 2235 hektar arpa olub və məhsuldarlıq hər hektarda 33,3 sentnerə çatıb. Cari ildə 1096 hektar sahədə tərəvəz məhsulları becərilərək 24225 ton məhsul əldə olunmuşdur. Məlumdur ki, Tovuz rayonu respublikada kartof məhsuluna olan tələbatın ödənilməsində əsas yer tutur. Bu il rayon ərazisində 5496 hektar ərazidə kartof əkilib. Artıq kartof yığımı başa çatdırılıb, məhsuldarlıq ürəkaçandır.
Son illərdə rayonda yerkökünün əkin sahələri genişləndirilir. Cari ildə 239 hektar sahədə adıçəkilən məhsul becərilərək 6668 ton məhsul əldə olunmuş, soğan becərilərək 6270 ton məhsul toplanılmışdır. Bunlarla yanaşı, heyvandarlığın inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edən qarğıdalı sahələrində də yüksək məhsuldarlıq əldə olunmuşdur. Tovuzda şəkər çuğundurunun əkilib-becərilməsi ənənə halını almışdır. Cari ilin məhsulu üçün 1162,6 hektar sahədə səpin aparılmışdır. Fermerlər təkrar əkinə xüsusi meyil edirlər. 2024-cü ildə 2114 hektar sahədə təkrar qarğıdalı səpilmişdir, məhsul yığımına yaxın günlərdə başlanılacaq.
Dövlətin toxumçuluqla məşğul olan fermerlərə dəstəyinin nəticəsidir ki, rayon ərazisində toxumçuluqla məşğul olan müəssisələrin sayı artır. Rayonun Alakol kəndi ərazisində saatda 10 ton toxum emal etmək gücünə malik olan Dənli Bitkilərin Toxum Emalı zavodu fəaliyyət göstərir ki, bundan taxılçılıqla məşğul olan fermerlər yetərincə bəhrələnirlər. Bundan əlavə, fermer Ədalət Məhərrəmov 100,5 hektar sahədə toxumluq buğda istehsal edib. "Tovuz Aqro" MMC, "Tovuz Aqrokompleks" MMC, "Agro Supply" MMC toxumluq buğda və arpa tədarük edib.
Respublikamızda ət və süd məhsullarına olan tələbatın ödənilməsində tovuzlu fermerlərin özünəməxsus yeri var. Rayonda heyvandarlığın inkişafı geniş vüsət almışdır. Hazırda rayonun Ceyrançöl ərazisində 550 hektar sahədə "Tovuz Aqro" MMC Aqrokompleks fəaliyyət göstərir. Burada 1500 baş iribuynuzlu mal-qara, 2400 baş xırdabuynuzlu qoyun və keçi bəslənilir. Kompleksdə 1000 başdan artıq ətlik istiqamətli iribuynuzlu mal-qara, 2400 başa qədər damazlıq istiqamətli "Bozax" cinsli xırdabuynuzlu heyvanlar saxlanılır. Rayonda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanmaya xüsusi diqqət yetirilir. Dövlət fermerlərə hər sağlam doğulmuş buzova görə 100 AZN civarında subsidiya ödəyir ki, bu da onların bu sahəyə olan marağını daha da artırır. Eyni zamanda fermer Fərman Yəhyayevın və Ədalət Əsgərovun təsərrüfatında 50 başdan artıq cins və mələz heyvanlar mövcuddur.
Fermerləri narahat edən bir məsələni xüsusilə qeyd etmək lazımdır. Belə ki, mal-qaranın soyuq aylarda otarılması üçün hər zaman tovuzlu fermerlər qış aylarında Ceyrançöl adlanan əraziyə üz tuturdular. Əvvəllər bu ərazidə elektrik xətləri, su boruları mövcud olmuşdur. Lakin son illərdə nədənsə kimlər tərəfindənsə borularla elektrik dirəkləri ərazidən götürülmüşdür. Bu da heyvandarlığın inkişafına mənfi təsir göstərir. Fermerləri narahat edən digər məsələlərdən biri də bölgədə gön, dəri və yun emalı müəssisələrinin olmamasıdır. Demək olar ki, vaxtilə qiymətli sayılan bu məhsullar atılır. Bu da fermerlərin gəlirinə mənfi təsir göstərir. Ceyrançöl qış otlaqlarında lazımi şəraitin yaradılması vacib şərtlərdən biridir. Bununla yanaşı, torpaq erroziyasının qarşısının alınması və ot örtüyünün bərpa edilməsi üçün dövlət dəstəyinə böyük ehtiyac duyulur.
Rayonda arıçılığın inkişafı üçün münbit şərait mövcuddur. Tovuzda 13438 arı ailəsi var və hər birindən 12-15 kiloqrama qədər bal istehsal edilir. Arıçılar daha yüksək məhsul əldə etmək üçün yay aylarında arı ailələrini Tovuzun dağ kəndlərində bəsləyirlər.
Rayonda ölkəmiz üçün ənənəvi olan baramaçılığın inkişafı da diqqətdə saxlanılır. Cari təsərrüfat ilində 55 nəfər kümçüyə 150 qutu baramaqurdu təhvil verilmiş, 3867,6 kiloqram yaş barama kütləsi əldə olunmuşdur. Qabaqcıl kümçülərdən Sahib Quliyev, Akif Mehdiyev daha çox barama məhsulu əldə etmişlər. Kümçülər qısa zaman ərzində əldə etdikləri gəlirdən razılıq edirlər. Baramaçılıqda yem bazasının yaradılması üçün kifayət qədər tut tingi əkilmiş və onlara yüksək aqrotexniki qulluq göstərilir.
Vəli VƏLİYEV,
"Respublika"