Respublika qəzeti : Tovuzda kənd təsərrüfatı məhsulları istehsalında artım müşahidə olunur
Respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Kənd təsərrüfatının inkişaf etdirilməsində yeni mərhələ başlamışdır. Məqsəd aqrar sahənin müasir üsullarla idarə olunmasıdır.
Bölgələrdə mövcud olan potensiallardan maksimum dərəcədə istifadə etmək üçün bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Yüksək məhsuldarlığın əldə olunması üçün aqrotexniki qaydalara ciddi əməl etmək ən vacib şərtlərdəndir. Hazırda ölkəmizdə rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsal həcmində ilbəil artım müşahidə olunur. İstehsal olunan müxtəlif çeşidli ekoloji təmiz kənd təsərrüfatı məhsulları respublika bazarlarında bolluq yaratmaqla yanaşı, idxaldan asılılığı da minimuma endirir. Eyni zamanda hər il xarici ölkələrə minlərlə ton ixracyönümlü kənd təsərrüfatı məhsulları ixrac olunmaqla ölkəyə valyuta axınına zəmin yaradır.
Qazax-Tovuz iqtisadi rayonuna daxil olan iqtisadiyyatının əsasını aqrar sahənin təşkil etdiyi Tovuz rayonu bu sırada ön yerlərdə qərar tutur. Rayonda bitkiçiliyin inkişafının yüksək təşəkkül tapması ərzaq məhsullarına olan tələbatı ödəyir, eyni zamanda heyvanların qaba yem ehtiyatının tədarük olunmasında mühüm rol oynayır.
Beləliklə, əhalinin ət və süd məhsullarına olan ehtiyacının ödənilməsinə töhfə verir. Əkinçilikdə fitosanitar qaydalara riayət olunaraq vaxtlı-vaxtında xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılır. Dövlətin kənd təsərrüfatı sahəsində çalışanlara göstərdiyi dəstək, verilən subsidiyalar tovuzluların bu işə marağını daha da artırır.
Tovuz rayon Statistika İdarəsinin rəisi Niyazi Tağıyevdən aldığımız məlumata görə 2022-ci ildə rayonda 11522 hektar buğda sahəsindən 50380,6 ton məhsul hər hektardan 43,7 sentner, 2113 hektar arpa sahəsindən 8030 ton orta məhsuldarlıq 38 sentner, 5947,1 hektar kartof becərilərək 173467,1 ton, 1088,3 hektar tərəvəz əkilən ərazidən 25553,7 ton məhsul, 1048,6 hektar şəkər çuğunduru sahəsindən 78814,8 ton məhsul (təmizlənmədən sonrakı çəki), 3330 hektar yem bitkisi sahələrindən 26886 ton məhsul və s. əldə olunmuşdur.
Sevindirici haldır ki, əvvəlki illərlə müqayisədə rayonda 9443,4 ton buğda, 2100 ton arpa, 56,2 ton tərəvəz, 793,6 ton yazlıq qarğıdalı, 5704 ton kartof və s. artıq istehsal olunmuşdur.
Qeyd etmək lazımdır ki, örtülü sahələrdə məhsul istehsalı 1520,1 ton azalmışdır. Buna səbəb əkin sahələrinin ərazisinin azalması olmuşdur. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artmasında Tovuzçay su anbarının böyük rolu var. Belə ki, anbar istifadəyə verildikdən sonra rayon ərazisində suvarmada mövcud olan bəzi problemlər aradan qaldırılmışdır.
Məlumat üçün bildirək ki, Tovuzda kənd təsərrüfatının müasir üsullarla idarə olunması üçün innovativ texnologiyalarla idarə olunan böyük təsərrüfatlar yaradılmışdır.
2022-ci ildə rayon ərazisində təkrar əkin aparılmaqla 8230 ton silosluq qarğıdalı (yaşıl kütlə), 15092 ton dənli qarğıdalı məhsulu əldə olunmuşdur.
2022-2023-cü təsərrüfat ili üçün ümumilikdə 18454 hektar sahədə taxıl əkilmişdir. Əkin aparılan sahələrin 15644 hektarını payızlıq buğda, 2810 hektarını payızlıq arpa təşkil edir.
Tovuzda aqrar sahədə bol məhsulun əldə olunması üçün cari ildə də fermerlər mövcud imkanlardan səmərəli istifadə edəcəklər.
Vəli VƏLİYEV,
«Respublika»