Respublika qəzeti: TOVUZ: Meliorativ tədbirlər bol məhsula zəmin yaradır
Son 20 ildə iqtisadi sabitliyin və dayanıqlılığın təmin olunması, eləcə də təbii resurslardan səmərəli istifadə olunması istiqamətində saysız-hesabsız irimiqyaslı layihələr həyata keçirilir və bu yöndə işlər sürətlə davam etdirilir.
Respublikanın Qərb bölgəsində yerləşən və Qazax-Tovuz iqtisadi rayonuna daxil Tovuzda da bu istiqamətdə az iş görülməyib. Tovuz hələ qədimdən əkinçiliyin yüksək təşəkkül tapdığı bölgə olmuşdur. Rayonun relyefi dağlıq, dağətəyi və aran ərazilərinə malikdir.
Yaz-yay fəsillərində respublika əhalisinin kartof və digər qida məhsulları ilə təmin olunmasında Tovuzun Aran bölgəsinin özünəməxsus yeri var. Payız-qış aylarında isə dağlıq zonada dəmyə şəraitində becərilən yüksək keyfiyyətli kartof respublika bazarlarında bolluq yaradır.
Son illərdə Azərbaycanın idxal edən respublikadan ixracatçıya çevrildiyi məlumdur. Faraş kartofun və digər tərəvəzlərin daxili bazarda satışı həyata keçirilməklə yanaşı, hər il Tovuzdan yüzlərlə ton məhsul xarici ölkələrə ixrac olunur. Eyni zamanda, rayonda istehsal olunan müxtəlif çeşidli, ekoloji təmiz, rəqabətədavamlı meyvə, giləmeyvə və müxtəlif tərəvəz məhsulları xarici bazarlarda satışı reallaşır. Rayonda əkinçilik son illərdə daha geniş vüsət almışdır.
Mövzu ilə bağlı Tovuz Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nəsrəddin Aslanov bildirdi ki, rayonda suvarma suyuna olan tələbatı ödəmək üçün bir neçə mənbədən istifadə olunur. Tovuzçay Su Anbarı, Zəyəm çayı, Axınca çay, Əsrik çayı, Tovuz çay, Qarasu arxı, Kür çayı üzərindəki Qızılulğun nasos stansiyası, subartezian quyuları və Ağstafaçay Su Anbarı suvarma suyuna olan tələbatı ödəyir.
2016-cı ildə dövlət başçısı İlham Əliyev Tovuza səfəri zamanı Tovuzçay Su Anbarının açılışını reallaşdırmışdır. Anbarın su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olmaqla bölgə üçün xüsusi əhəmiyyətə malikdir. İdarə rəisi bildirdi ki, Tovuzda kartofçuluq, üzümçülük, taxılçılığın inkişafı yüksək təşəkkül tapmışdır. Son illər tütünçülüyün inkişaf etdirilməsi də diqqətdə saxlanılır. Rayonda suvarmada əsasən müasir metodlardan istifadə olunur. Çiləmə, damcılama üsulları və "PİVOT" suvarma sisteminə daha çox üstünlük verilir.
Rayonda suvarma altında olan torpaqların su ilə təmin olunmasında 858 kilometr uzunluğunda təsərrüfatdaxili, 145 kilometr uzunluğunda təsərrüfatlararası kanallardan istifadə olunur. İdarənin balansında 454 ədəd subartezian quyusu mövcuddur. Suvarma suyunun bölgüsünə nəzarət etmək üçün 7 ədəd SİB (Sudan İstifadə Birlikləri) yaradılmışdır. Cari ildə SİB-lərlə idarə arasında 23988 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün müqavilə bağlanmışdır. Qeyd olunan sahələrin 8055 hektarının suvarılması subartezian quyuları vasitəsilə həyata keçirilmişdir. Cari ilin 10 ayı ərzində 23988 hektar ərazini suvarma suyu ilə təmin etmək üçün Tovuz SSİ tərəfindən su ayrıclarından 122816 min kubmetr su verilmişdir.
Su itkisinin qarşısını almaq, eləcə də suyun mənzilbaşına daha tez çatması ən vacib şərtlərdəndir. Bu baxımdan təsdiq olunmuş plana uyğun meliorativ tədbirlərin həyata keçirilməsi davam etdirilir. Ötən dövr ərzində mexanizmlər vasitəsilə 81,5 kilometr arx və kanallarda lildən təmizləmə, 228 min kubmetr çay məcralarında təmizlənmə işləri aparılmışdır. Eyni zamanda, 125 ədəd hidrotexniki qurğu, 48 ədəd hidrometrik post, 7 ədəd nasos stansiyasının cari təmir işləri həyata keçirilmişdir.
Məlumdur ki, torpaq məcralı kanallarla su itkisi çox olur. İtkini minimuma endirmək üçün torpaq məcralı Bastan arxının 847 metr, Əlimərdanlı arxının 980 metrlik hissələrində beton üzlüyə alınma işləri başa çatdırılmışdır. Beləliklə, su itkisinin qarşısı alınmış, suvarmanın keyfiyyəti yaxşılaşmışdır. Rayonun ayrı-ayrı yaşayış məntəqələrində 4 ədəd subartezian quyusu əsaslı təmir olunmuş, ilin sonunadək daha 4 ədəd quyunun əsaslı təmiri başa çatdırılacaqdır.
Növbəti təsərrüfat ilində suvarmada heç bir problemin yaşanmaması üçün idarə cari və əsaslı təmir işlərini davam etdirməkdədir.
Vəli VƏLİYEV,
"Respublika"