Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika qəzeti: Bu günün və gələcəyin partiyası

28 iyul 2025 | 14:15

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Tovuz rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının yaranmasından keçən 32 il partiyamız və xalqımız üçün şərəf və ləyaqət illəridir. Bu dövr Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi, dünya birliyində söz sahiblərindən birinə çevrilməsi, bütün sahələrdə böyük uğurlara imza atması dövrüdür. Bu uğurların əldə olunmasında Ulu Öndərimizin yaratdığı və bizlərə əmanət etdiyi Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri var. Partiyanın rayon təşkilatının yaranmasının ildönümünü qeyd edərkən ilk növbədə Ümummilli Liderimiz Heydər Əliyevi sonsuz məhəbbətlə yad edirik. Onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri mühüm zəfərlər, böyük nailiyyətlər, iqtisadi inkişaf və müstəqil dövlətçilik salnaməsidir. Bu gün Ulu Öndərin ideyalarına sədaqətlə xidmət edən və bir zamanlar ümid partiyası kimi qəbul olunan Yeni Azərbaycan Partiyası artıq inam partiyasına çevrilib. YAP öz lideri, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan quruculuğunda, ölkədə islahatların yeni mərhələsinin həyata keçirilməsində əzmlə fəaliyyət göstərir. Bizim hər birimizin borcu bu mübarizədə fəal iştirak etmək, qarşıdakı böyük məqsədlərə çatmaq yolunda fədakarlıq göstərməkdir.

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov təşkilatın yaranmasının 32-ci ildönümündə iştirakçıları səmimi-qəlbdən təbrik edərək, partiyanın sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli birliyin, sabitliyin və inkişafın əsas dayağına çevrildiyini vurğulayıb. O, Partiyanın yaradılmasının ağır şəraitdə, xalqın tələbi və dövlətçiliyin qorunması missiyası ilə gerçəkləşdiyini, Ulu Öndər Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını qeyd edib. Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının əsası 1993-cü ilin əvvəlində qoyulduğunu, hazırda isə təşkilatda səkkiz mindən çox üzvün fəaliyyət göstərdiyi bildirib. Sədr həmçinin təşkilatın ötən illər ərzində ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutduğunu, seçki kampaniyalarında yüksək təşkilatçılıq nümayiş etdirdiyini və partiyanın siyasi nüfuzunun daha da artdığını qeyd edib. Partiya həm 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbə, həm də postmüharibə dövründə ölkənin geosiyasi mövqeyinin möhkəmlənməsində aparıcı rol oynayır. O, rayon təşkilatının Ulu Öndərin ideyalarına sədaqətlə xidmət etməyə davam edəcəyini və Prezident İlham Əliyevin siyasi kursuna tam dəstək verəcəyini bildirib.

Rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri verilib.

Vəli VƏLİYEV,

"Respublika".

Keçidlər