Respublika qəzeti: Bölgələrdə yubiley tədbirləri keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin akt zalında 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov ölkə mediasının, xüsusilə də bölgələrdə fəaliyyət göstərən jurnalistlərin cəmiyyətdə informasiya mübadiləsinin təmin olunmasında, ictimai rəyin formalaşdırılmasında, həmçinin dövlət siyasətinin düzgün və obyektiv işıqlandırılmasında əhəmiyyətli rol oynadığını vurğulamışdır. Bildirilib ki, Azərbaycan mətbuatı keçdiyi tarixi yol ərzində böyük inkişaf yolu qət etmiş, bu gün müasir informasiya texnologiyaları fonunda daim yenilənən, peşəkarlıq prinsiplərinə əsaslanan bir sahəyə çevrilmişdir.
Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.
Sonra media işçilərinə Fəxri fərmanlar təqdim olunub. Media nümayəndələri Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsini, ölkə Prezidenti cənab İlham Əliyevin mətbuat nümayəndələrinin əməyinə verilən qiymətin bariz nümunəsi olduğunu bildiriblər.
Vəli VƏLİYEV,
"Respublika".






