Respublika qəzeti: Aqrar sektorun lokomotivləri
Dünyanın bəzi ölkələri ərzaq qıtlığı ilə üz-üzə qaldığı halda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində bütün sahələrdə, o cümlədən aqrar sahədə uğurlu nəticələr əldə olunmaqdadır.
Hazırda Azərbaycanda əhalinin qida məhsullarına olan tələbatın böyük hissəsi daxili imkanlar hesabına ödənilir. Son illər Azərbaycanda iqtisadiyyatın neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafının təmin olunması üçün bir sıra vacib reformalar həyata keçirilir. İdarəetmənin müasirləşdirilməsi, eləcə də yüksək məhsuldarlığa nail olmaq üçün bölgələrdə yeni sənaye məhəllələrinin, texnoparkların və aqroparkların yaradılması davam etdirilir.
Dövlət başçısının müvafiq sərəncamı ilə respublikada yaranan ilk aqroparklardan birinə «Tovuz Aqro» MMC-nin hazırki durumu il maraqlanmaq üçün Ceyrançöl massivinə yollandıq. MMC-nin direktoru Şadkamal Hüseynovla taxıl zəmilərində iş başında görüşdük. Həmsöhbətim bildirdi ki, təsərrüfatda yüksək məhsuldarlığa nail olmaq üçün hər an sahələrə nəzarət etmək lazımdır. Çünki yaşadığımız hazırki dövrdə tez-tez iqlim dəyişikliyi baş verir, bu səbəbdən bitkilərin hər hansı xəstəliyə tutulması riski artır. Buna görə əvvəlcədən qabaqlayıcı fitosanitar tədbirlər görülür, eyni zamanda əkinə yüksək aqrotexniki qulluq göstərilir.
Müəssisə rəhbəri bildirdi ki, son illər kənd təsərrüfatı sektorunun innovativ metodlarla idarə olunması, yüksək nəticələrin əldə olunmasına zəmin yaradır.
Hazırda respublikamızda müxtəlif profilli bu tip müəssisələrin yaradılması ərzaq bolluğuna zəmin yaradır. Bir məsələni xüsusilə vurğuladı ki, qürurverici haldır ki, 2020-ci ildə Vətən müharibəsi zamanı əldə olunmuş möhtəşəm qələbə nəticəsində doğma torpaqlarımız işğaldan azad olundu. Hazırda respublikanın digər bölgələrində olduğu kimi, Qarabağımızda da irimiqyaslı layihələr yüksək templə həyata keçirilir. Yeni bağlar salınır, istehsal müəssisələri və s. yaradılır.
Çox qısa zamanda o yerlərin sakinləri doğma vətənlərinə qayıdaraq yaradılan aqroparklarda çalışacaqlar. Belə müasir təsərrüfatların yaradılması əhalinin məşğulluğunun təmin olunmasına və şübhəsiz ki, iqtisadiyyatın inkişafına töhfələr verəcək, ölkədə ərzaq bolluğuna səbəb olacaq.
«Tovuz Aqro» MMC 2017-ci ildə təməli qoyulub, 2019-cu ildə tikintisi başa çatdırılmışdır. Müəssisənin yaradıldığı ərazidə heç vaxt əkin-biçin işləri aparılmamışdır. Burada genişmiqyaslı meliorativ tədbirlər aparılmış, torpaqlar əkinə yararlı vəziyyətə gətirilmiş, 2020-ci ilin yanvar ayından istehsal fəaliyyətinə başlanmışdır.
Müəssisənin yaradılmasında əsasən beynəlxalq aqroparkların təcrübəsindən istifadə olunur. Belə ki, kənd təsərrüfatı ilə sənayenin əlaqəsi təmin olunmuşdur. Adıçəkilən müəssisə iribuynuzlu heyvan ətini istehsal edərək daxili bazarlarda satışını həyata keçirir.
Hal-hazırda təsərrüfatda 1200 başa yaxın ətlik istiqamətli iribuynuzlu mallar, eyni zamanda 126 baş damazlıq iribuynuzlu, 1800 baş xırda buynuzlu heyvan mövcuddur.
Gələcəkdə qeyd olunan rəqəmlərin artırılacağı qarşıda duran əsas hədəfdir. Damazlıq cins ətlik heyvanların sayının artırılaraq gələcəkdə güzəştli qiymətlərlə fermerlərə satışı nəzərdə tutulur.
Cari ilin 4 ayı ərzində 260 ton ekoloji təmiz, keyfiyyətli ət istehsal olunaraq daxili bazarlarda realizə olunmuşdur. Müəssisədə heyvanların yemə olan tələbatının ödənilməsi üçün müasir «PİVOT» suvarma sistemləri altında olan torpaqlarda 260 hektar buğda, 62 hektar arpa, 50 hektar çoxillik bitki yonca, 62 hektar dənlik qarğıdalı sahəsinə yüksək aqrotexniki qulluq göstərilir.
Arpa və buğda biçini başa çatdırıldıqdan sonra həmin torpaqlarda təkrar əkin aparılaraq silosluq qarğıdalı becəriləcəkdir. 17 hektar ərazidə isə müasir standartlara cavab verən ofis binası, 1500 başlıq heyvandarlıq kompleksi, saatda 10 ton qarışıq yem istehsal edən yem zavodu, sutkada 90 baş iribuynuzlu, 90 baş xırdabuynuzlu heyvan kəsimi üçün kəsim sexi, anbarlar və s. fəaliyyət göstərir.
Aqropark kənd təsərrüfatı texnikaları ilə tam təmin olunmuşdur. Dövlətin aqrar sahəyə göstərdiyi qayğının nəticəsidir ki, texnikalar lizinq yolu ilə əldə olunmuşdur.
Şadkamal Hüseynov bildirdi ki, ərazidə 7 hektar müxtəlif ağaclardan ibarət intensiv meyvə bağına yüksək aqrotexniki qulluq göstərilir. Həmçinin dekorativ ağaclar, cürbəcür gül-çiçəklər, xüsusi təmizlik ərazini əsl istirahət parkına bənzədir. Ağacların və yaşıllığın suvarılmasında damcılama və çiləmə üsulundan istifadə olunur ki, bu da şirin suya qənaət etməklə yanaşı, keyfiyyətli suvarmanın həyata keçirilməsini təmin edir.
Qeyd etmək lazımdır ki, istifadə olunan su Kür çayından nasoslar vasitəsilə götürülür. Heyvanların yemə olan tələbatı təsərrüfatın özü tərəfindən tam ödənilir. Burada gələcəkdə daha çox ət istehsal olunacağı qaçılmazdır. Ümumiyyətlə aqroparklar ölkədə kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsində xüsusi yerə malikdir. Bu baxımdan müasir üsullarla kənd təsərrüfatının idarə olunması iqtisadiyyatın şaxələndirilməsinə, dayanıqlılığının təmin olunmasına töhfələr verir. Bununla yanaşı yeni idarəetmə bölgələrdə işsizliyin aradan qaldırılmasında, eləcə də ölkəyə idxaldan asılılığın minimuma endirilməsində böyük əhəmiyyət kəsb edir.
Müsahibənin sonunda Şadkamal Hüseynov bu təsərrüfat ilində ötən ildəkindən daha çox məhsul istehsal olunacağına əminliyini bildirdi. Bir sözlə, ötən illərdə mövcud olan boz, cansıxıcı torpaqlardan əsər-əlamət qalmamışdır. Hər tərəfə sanki yaşıl xalı sərilmişdir.
Vəli Vəliyev,
«Respublika»