Şriftin ölçüsü :

Saytın rəngi :

Qonaqlı kəndində şəhid Hüseynov Mustafa Ələddin oğlunun  xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub

03 oktyabr 2022 | 09:53

Tovuz rayon Qonaqlı kəndində şəhid Hüseynov Mustafa Ələddin oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Bulaq kompleksinin açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən RİH başçısının aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin tarixi əhəmiyyətindən danışıb, Böyük Zəfər sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu və ərazi bütövlüyümüzün təmin edildiyini vurğulayıb.

Sonra şəhidin atası Ələddin Hüseynov və şəhid ailələrinin üzvləri çıxış edərək  tarixə qızıl hərflərlə düşən Zəfərimizə gedən yoldan söz açaraq, qazanılan qələbədə xalq-ordu birliyinin xüsusi əhəmiyyət kəsb etdiyini və şəhidimiz ilə bağlı xatirələrini bölüşüblər. Onlar möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələri, qazilər və müharibə iştirakçılarını daim diqqət mərkəzində saxladıqlarına və qayğı göstərdiklərinə görə minnətdarlıqlarını ifadə ediblər.

Xatirə bulaq kompleksinin açılışında məktəb şağirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şəirlər səsləndirilib.

Mustafa Ələddin oğlu Hüseynov 1996-cı il oktyabrın 1-də Tovuz rayonunun Qonaqlı kəndində anadan olub. Mustafa Hüseynov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli, daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Mustafa Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin iştirakçısı olub. Hüseynov Mustafa sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub və 15 dekabr 2020-ci il tarixində Tovuz rayonunun Qonaqlı kəndində dəfn olunub.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə kiçik çavuş Hüseynov Mustafa Ələddin oğlu “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət etsin!

Keçidlər