Lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuş tovuzlu hərbi qulluqçuların ailələrinə orden və medallar təqdim olunub
Tovuzda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə tovuzlu lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuş – baş leytenant Orucov Niftalı Qəfər oğlunun 3-cü dərəcəli “Rəşadət” ordeni , “Vətən uğrunda” medalı- baş çavuş Hüseynov Şikar Hüseyn oğlu və əsgər Qasımlı Nicat Elşən oğlunun təltif olunduqları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalları ailə üzvlərinə təqdim edilmişdir.
Tovuz rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz Rayon Şöbəsinin məsul əməkdaşları, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov və böyük məsləhətçisi Azər Fərmanzadə, şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, orden və medalları şəhid ailələrinə təqdim ediblər.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı birinci müavini Rəşad Zeynalov qeyd edib ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək lokal xarakterli antiterror əməliyyatında mənfur düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti nəticəsində qazanılıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərə rəhmət eləsin!