Lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuş Qasımov Hacıəli Tahir oğlunun ailəsinə “Vətən uğrunda” medalı təqdim olunub
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 iyun 2024-cü il tarixli “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə tovuzlu lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuş Qasımov Hacıəli Tahir oğlunun təltif olunduğu “Vətən uğrunda” medalı ailə üzvlərinə təqdim edilmişdir.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz Rayon Şöbəsinin məsul əməkdaşları, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Fərmanzadə, şəhidimizin evində olub, ailə üzvləri ilə görüşüb, medalı şəhidimizin ailəsinə təqdim ediblər
Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov qeyd edib ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək lokal xarakterli antiterror əməliyyatında mənfur düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti nəticəsində qazanılıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qasımov Hacıəli Tahir oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanmış, 4 ay komada qalmış və 28 yanvar 2024- cü ildə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qasımov Hacıəli Tahir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” , ölümündən sonra isə “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!