İcra başçısının növbəti səyyar qəbulu Yanıqlı kəndində keçirilib
Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul zamanı rayonun Yanıqlı kəndinin sakinləri ilə görüşüb.
A.Hüseynov adına Yanıqlı kənd tam orta məktəbinin binasında təşkil olunan səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
İcra başçısı kənd sakinləri ilə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, Azərbaycanın regionlarında, o cümlədən Tovuzda həyata keçirilən sosial-iqtisadi layihələrdən bəhs etmişdir.
Sonra Yanqılı kəndinin sakinlərinin problemləri və onları narahat edən məsələlər dinlənilib. Vətəndaşların müraciətlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.