İcra başçısının növbəti səyyar qəbulu rayonun Ağbulaq kəndində baş tutub
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Ermənistanla sərhəd kəndlərindən biri olan Ağbulaq kəndinin sakinləri ilə səyyar qəbul-görüş keçirib.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Kənd sakinləri qarşısında çıxış edən Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaşayış məntəqələrində vətəndaşların sosial rifah halının və onları narahat edən problemlərin yerində araşdırılması və həllini tapması məqsədilə mütəmadi olaraq səyyar qəbullar keçirildiyini vurğulayıb. İcra başçısı son illərdə rayonumuzda, o cümlədən Ağbulaq kəndində regionların sosial-iqtisadi inkişafı məqsədilə görülən işlər və həyata keçirilən infrastruktur layihələrini kənd sakinlərinin diqqətinə çatdırmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Səsləndirilən çatışmazlıq və təkliflərin dərhal araşdırılması və aradan qaldırılması ilə bağlı rayon rəhbəri məsul şəxslərə yerindəcə tapşırıqlar verib.
Ağbulaq sakinləri regionların sosial-iqtisadi inkişafı və vətəndaşların sosial rifah halının yüksəldilməsi məqsədilə rayonda həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.