İcra başçısı Türkiyədən müalicədən qayıdan qazi Şəmsi Məmmədovu evində ziyarət edib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının məsul işçiləri, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, İctimai Şuranın sədri Məzahir Bayramov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev Türkiyədə müalicəsini başa vuraraq Vətənə qayıdan Şəmsi Məmmədovu evində ziyarət ediblər.
Məmməd Məmmədov qazimizin ümumi sağlamlıq vəziyyəti, ailə-məişət qayğıları ilə maraqlanıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qazandığı qələbənin qəhrəman şəhidlərimiz və Şəmsi Məmmədov kimi qazilərimizin sayəsində əldə olunduğunu vurğulayıb, nəticədə ərazi bütövlüyümüzün təmin edildiyini qeyd edib.
Qazi Şəmsi Məmmədov Vətən müharibəsi iştirakçılarına, qazilərimizə və şəhid ailələrinə göstərilən diqqətə və onun müalicəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Tovuz rayon Dondar Quşçu kənd sakini olan Məmmədov Şəmsi Lətif oğlu Xüsusi Təyinatlı Qüvvələrin giziri olaraq 44 günlük Vətən müharibəsində iştirak edib. O əvvəlcə 29 sentyabrda Kəlbəcər, daha sonra 24 oktyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı ağır yaralanıb. Qazimiz ötən ilin 1 mart tarixində "YAŞAT" Fondu tərəfindən müalicə üçün Türkiyəyə göndərilmiş və müalicəsi başa çatdıqdan sonra 24 iyul 2022-ci ildə Dondar Quşçu kəndinə qayıtmışdır. Şəmsi Məmmədov Vətən müharibəsində göstərdiyi şücaətə görə “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Şəmsi Məmmədov dünən böyüyüb boya-başa çatdığı Dondar Quşçu kəndinə qayıdarkən rayon İcra Hakimiyyətinin əməkdaşları, ailə üzvləri, şəhid ailələri, qazilər və sakinlər tərəfindən Tovuz şəhərinin girişində böyük coşqu ilə qarşılanıb. Qarşılanmadan sonra Şəhidlər Xiyabanı ziyarət olunaraq, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edilib.