İcra başçısı “Turan Tovuz” PFK-nun Birinci Diviziondakı son qarşılaşmasını izləyib
Bu gün Tovuz şəhər stadionunda “Turan Tovuz” PFK gələn mövsümdən etibarən Azərbaycan Premyer Liqasına yüksəlməsi ilə bağlı tədbir keçirilib.
Eyni zamanda futbol üzrə Azərbaycan Birinci Divizionunun son turunda “Turan Tovuz – Zirə 2” futbol qarşılaşması baş tutub.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının, rəhbərləri, futbol ictimaiyyətinin nümayəndələri və “Turan Tovuz” fanatları iştirak ediblər.
Oyundan əvvəl “Turan Tovuz” komandasının oyunçuları ilə görüşən Məmməd Məmmədov çıxış edərək komanda rəhbərliyini, futbolçuları və futbol ictimaiyyətinin üzvlərini komandanın gələn mövsümdən etibarən Azərbaycan Premyer Liqasında çıxış etməsi münasibətilə təbrik edib. İcra başçısı bildirib ki, Azərbaycanda idmana göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bunun məntiqi nəticəsidir ki, idmançılarımız daim beynəlxalq yarışlarda çıxış edir, yüksək nəticələr əldə edərək Vətənə qayıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın digər sahələrdə olduğu kimi idman sahəsinə də göstərdiyi diqqət və qayğı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaq.
M.Məmmədov “Turan Tovuz” komandasının tarixi uğurlarından danışaraq, komandamızın yüksək liqada Tovuzu yenidən layiqincə təmsil edərək yüksək nəticələr əldə edəcəyindən əminliyini bildirib və vurğulayıb ki, gələcəkdə beynəlxalq yarışlarda ölkəmizin adından çıxış edən komandalardan biri də məhz “Turan Tovuz” olacaqdır.
İcra başçısı sonda hər iki komandaya uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “Turan Tovuz–Zirə 2” futbol qarşılaşması başlayıb. Qeyd etmək lazımdır ki, qarşılaşma “Turan Tovuz” komandasının “2-0” hesablı qələbəsi ilə başa çatıb.