İcra başçısı rayonun Əhmədabad kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Əhmədabad kəndində səyyar qəbul-görüş keçirib.
Əhmədabad kənd tam orta məktəbinin həyətində baş tutan səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Məmməd Məmmədov kənd sakinləri ilə görüş zamanı çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçiliyimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyini bildirmişdir. İcra başçısı qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə əhalinin sosial rifah halı daim diqqətdə saxlanılır, regionların sosial-iqtisadi inkişafı üçün tədbirlər görülür. Həmin tədbirlərin məntiqi nəticəsi olaraq bütün regionlarımız, o cümlədən Tovuz rayonu günü-gündən çiçəklənir və inkişaf edir.
Sonra kənd sakinlərini maraqlandıran məsələlər və problemlər dinlənilib. Bəzi müraciətlər yerindəcə həll olunub, digər məsələlər ilə bağlı müvafiq idarə və təşkilatlara göstəriş və tapşırıqlar verilib, icraları nəzarətə götürülüb.
Əhmədabad kənd sakinləri ölkənin hər yerində görülən işlərdən razılıqlarını bildirib, əhalinin sosial-rifahının artırılması ilə bağlı həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.