Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Gənclərin Məşvərət Şurasının üzvləri ilə görüşüb

13 iyun 2022 | 12:01

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Avropa İttifaqının dəstəyi, UNICEF Azərbaycanın texniki dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə "5 Rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatının Milli Şurasının Tovuz rayonu üzrə yerli Məşvərət Şurasının üzvləri ilə görüşüb.

Heydər Əliyev Mərkəzində dəyirmi masa arxasında təşkil olunan görüşdə Azərbaycan Respublikası Gənclər Təşkilatının Milli Şuranın baş katibi Ramin Həbibzadə və müsahibə yolu ilə Məşvərət Şurasına seçilən rayonun 24 nəfər fəal gənci iştirak edib.

Görüşdə baş katib Ramin Həbibzadə və Məşvərət Şurasının sədri Xəyal Məmmədov çıxış edərək Milli Şuranın yaradılması və fəaliyyəti haqqında iştirakçıları məlumatlandırmış, qurumun Tovuz rayonu daxil olmaqla 5 rayonda gənclərdən ibarət Məşvərət Şuraları yaradıldığını bildirmiş, əsas məqsədin isə keçiriləcək təlim və sorğular vasitəsilə ətraf mühitin və ekologiyanın mühafizəsi ilə bağlı əhalinin daha yaxşı maarifləndirilməsi olduğunu vurğulamışdır.

Sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti ilə bağlı məlumat vermişdir. İcra başçısı bildirmişdir ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan qələbədə ən böyük pay məhz gənclərə düşmüşdür. Gənclərimizin qərarvericilik və ictimai iştirakçılıqda rolunun artırılması xüsusi əhəmiyyət kəsb etdiyi, onların  qərarvermə prosesində və ictimai siyasətin formalaşmasında funksiya və rollarının artırılmasının vacib məsələlərdən biri olduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, hazırda bacarıqlı və istedadlı gənclərimiz ölkə rəhbərliyi tərəfindən rəhbər vəzifələrdə irəli çəkilir, məsuliyyətli və önəmli vəzifələr onlara tapşırılır.

İnteraktiv şəkildə davam edən tədbirin son hissəsində gənclərin rayonun ekoloji vəziyyəti və ətraf-mühit problemləri ilə bağlı təklifləri dinlənilmiş, gənclər ilə birlikdə problemlərin həlli istiqamətində görülə biləcək tədbirlər müzakirə olunmuşdur.

Sonda xatirə şəkli çəkilmişdir.

Keçidlər