İcra başçısı Avropa çempionatında qızıl medal qazanmış idmançı ilə görüşüb
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov cari ilin mart ayında Albaniyanın paytaxtı Tirana şəhərində qadınlar arasında keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələr qızıl medala layiq görülən sərbəst güləşçi Elnurə Məmmədova ilə görüşüb.
Məmmədova Elnurə Rizvan qizi 2002-ci ildə Tovuz rayon Kohnəqala kəndində anadan olub. 2015-ci ildən etibarən sərbəst güləş idman növü ilə məşğul olan E.Məmmədova, 2018-ci ildə Türkiyənin Qəbzə şəhərində keçirilən turnirdə ilk dəfə beynəlxalq arenada medal qazanaraq 3-cü yerə sahib çıxmışdır. İştirak etdiyi bütün yarışlarda uğurla çıxış edən tovuzlu güləşçi 2019-cu ildə Türkiyə və Ukraynda keçirilən beynəlxalq yarışlarda ikinci yerə, İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında üçüncü yerə, Bakı şəhərində keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında isə ikinci yerə layiq görülmüşdür. Sərbəst güləşçimiz 9 mart 2022-ci ildə Bolqarıstanda keçirilmiş güləş üzrə VII Avropa çempionatında uğurla iştirak edərək gümüş medal qazanmış, eyni zamanda 16 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdə iştirak etmişdir. 2024-cü ildə Avropa çempionatında 2-ci yer, Bakıda hərbiçilər arasında isə dünya çempionu olmuşdur.
RİH başçısı görüş zamanı E.Məmmədovanı qələbə münasibəti ilə təbrik etmiş, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışmışdır. Qeyd etmişdir ki, tovuzlu idmançının Avropa çempionatında qələbə qazanmasının çox qürurverici hal olduğunu bildirmiş, bundan sonrakı işlərində və idman sahəsindəki fəaliyyətində güləşçimizə uğurlar arzulamışdır.
E.Məmmədova ölkə rəhbərliyinin idmana və gənclərə ayırdığı diqqət və qayğıya görə öz minnətdarlığını ifadə etmiş, bundan sonrakı yarışlarda da uğurla iştirak edərək ölkəmizin və rayonumuzun adını daim zirvəyə qaldıracağını vurğulamışdır.
Görüşün sonunda Elnurə Məmmədovaya Tovuz rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyə təqdim olunmuşdur.