İcra başçısı Avropa çempionatında bürünc medal qazanmış idmançı ilə görüşüb
Tovuz rayon İcra Hakmiyyəti başçısı Məmməd Məmmədov cari ildə Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatında iştirak edərək III yer tutan və Türkiyədə keçirilmiş Yaşar Doğu Beynəlxalq Güləş Turnirində qızıl medala layiq görülən sərbəst güləşçi Elnurə Məmmədova ilə görüşüb.
Elnurə Rızvan qızı Məmmədova 2 yanvar 2002-ci ildə Tovuz rayon Köhnəqala kəndində anadan olub. 2015-ci ildən etibarən sərbəst güləş idman növü ilə məşğul olan E.Məmmədova, 2018-ci ildə Türkiyənin Qəbzə şəhərində keçirilən turnirdə ilk dəfə beynəlxalq arenada medal qazanaraq 3-cü yerə sahib çıxmışdır. İştirak etdiyi bütün yarışlarda uğurla çıxış edən tovuzlu güləşçi 2019-cu ildə Türkiyə və Ukraynada keçirilən beynəlxalq yarışlarda ikinci yerə, İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında üçüncü yerə, Bakı şəhərində keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında isə ikinci yerə, 2022-ci ildə Bolqarıstanda keçirilmiş güləş üzrə VII Avropa çempionatında gümüş medal qazanıb. İtalyanın Roma şəhərində keçirilən U20 Avropa çempionatında birinci yer qazanıb, Türkiyənin Konya Şəhərində keçrilən İslam oyunlarında üçüncü yerə layiq görülüb. Cari ildə Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatında iştirak edərək üçüncü yer və Türkiyədə keçirilmiş Yaşar Doğu Beynəlxalq Güləş Turnirində qızıl medala layiq görülmüşdür.
Elnurə Məmmədova ilə görüş zamanı M.Məmmədov onu təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin bütün regionlarda, o cümlədən Tovuzda həyata keçirdiyi uğurlu idman siyasətindən danışmış, bundan sonrakı işlərində və idman sahəsindəki fəaliyyətində güləşçimizə uğurlar arzulamışdır.
E.Məmmədova ölkə rəhbərliyinin idmana və gənclərə ayırdığı diqqət və qayğıya görə öz minnətdarlığını ifadə etmiş, bundan sonrakı yarışlarda da uğurla iştirak edərək ölkəmizin və rayonumuzun adını daim zirvəyə qaldıracağını vurğulamışdır.
Görüşün sonunda Elnurə Məmmədovaya Tovuz rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyə təqdim olunmuşdur.