“Gənclər Paytaxtı” Tovuzda Gənclər Təşkilatlarının V Konqresi keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə 8-10 dekabr 2022-ci il tarixlərində Gənclər Paytaxtı Tovuz şəhərində 100 nəfər gənclər təşkilatı rəhbərlərinin iştirakı ilə “Gənclər Təşkilatlarının V Konqresi” keçirilib.
Konqresin əsas məqsədi gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarəedilməsi sahəsində yeni mexanizimlərin yaradılmasını təmin etməkdir.
Konqres ənənəvi olaraq NAYORA tərəfindən həyata keçirilən, gənclər təşkilatlarının bir araya gətirilməsi, onların problem və təkliflərinin dinlənilməsi, yeni tərəfdaşlıqların qurulması, birlikdə bir çox innovativ layihə və fəaliyyətlərin təşkili, həmçinin təşkilatlar və dövlət qurumları ilə birgə gənclər siyasətinin müzakirə edilməsi kimi önəmli mövzuları özündə cəmləşdirir.
Konqresin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış ediblər.
Açılış mərasimindən sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevin moderatorluğu ilə “Gənclər təşkilatlarının idarəedilməsində keyfiyyət meyyarları” mövzusunda müzakirə sessiyası baş tutub.
Sonra “Dövlət gənclər siyasəti: Gənclər təşkilatları üçün yeni çağrışlar” mövzusunda panel müzakirəsi ilə davam edib. Paneldə spiker qismində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov iştirak edib.