Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Zəfərin Müjdəçisi Olan Tovuz Döyüşlərindən 6 İl Ötür

12 iyul 2026 | 16:00

Azərbaycan Ordusunun şanlı Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsinə aparan yolun mühüm mərhələlərindən biri olan Tovuz döyüşlərindən altı il ötür.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma cəhd göstərib. Azərbaycan Ordusunun qətiyyətli cavab tədbirləri nəticəsində düşmən ciddi itkilər verərək geri çəkilib, onun mövqelərimizi ələ keçirmək cəhdinin qarşısı alınıb və heç bir ərazi itkisinə yol verilməyib.

Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, hərbi texnikası, artilleriya qurğuları, dayaq məntəqələri və digər hərbi infrastrukturu dəqiq zərbələrlə məhv edilib. Düşmənin Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu və digər yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, Azərbaycan Ordusu bütün təxribatların qarşısını qətiyyətlə alıb.

Döyüşlər zamanı Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev şəhidlik zirvəsinə ucalıb. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan hərb tarixinin ən şərəfli səhifələrindən biri kimi xalqımızın yaddaşına əbədi həkk olunub.

Tovuz döyüşləri Azərbaycan cəmiyyətində misilsiz birlik və həmrəylik yaratdı. Minlərlə insan Ordumuza dəstəyini nümayiş etdirdi, çoxsaylı gənc könüllü olaraq hərbi xidmətə yazılmaq üçün müraciət etdi. Bu döyüşlər xalqın qələbə əzmini və Ali Baş Komandanın rəhbərliyi altında Ordumuza sarsılmaz inamını bir daha nümayiş etdirdi.

Tovuz döyüşləri Ermənistanın hərbi təxribatlarının iflasa uğradığını və Azərbaycan Ordusunun üstünlüyünü bütün dünyaya göstərdi. Cəmi iki ay sonra başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Bu gün xalqımız Tovuz döyüşlərində canlarını Vətən uğrunda fəda edən şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tutur.

Keçidlər