Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən tovuzlu şəhid Fuad Ələsgərov dəfn olunub

20 iyun 2025 | 20:18

Birinci Qarabağ Müharibəsində itkin düşən və 32 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Tovuz rayonunun  Ağbaşlar kənd sakini şəhid Ələsgərov Fuad Cəfər oğlunun Ağbaşlar kəndində dəfn mərasimi keçirilib.

Şəhidin dəfn mərasimində Tovuz  rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.

Şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, dualar oxunub.

Sonra şəhidin nəşi Ağbaşlar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib. Rayon rəhbəri Məmməd Məmmədov çıxışında vurğulayıb ki, itkin düşmüş hesab olunan Fuad Ələsgərov nəşinin qalıqları Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində aşkar edilib. 30 ildən çoxdur ki, şəhidin ailə üzvləri, yaxınlarının gözləri yolda idi. Torpaq uğrunda canından keçən soydaşlarımızın xatirələrini daim əziz tutan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin şəhidlərimizə göstərdiyi daimi diqqət və qayğının bariz təzahürüdür ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, itkin düşmüş hesab olunanların nəşlərinin tanınması və ailələrinə təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını RİH başçısı Məmməd Məmmədov şəhidin qardaşı Ələsgərov Eldar Cəfər oğluna təqdim edib.

Qeyd edək ki, şəhid Ələsgərov Fuad Cəfər  oğlu  01 mart 1974-cü ildə Tovuz  rayonunun Ağbaşlar  kəndində anadan olub. O, 12 iyun 1992-ci ildə  həqiqi hərbi xidmətə çağırılmışdır. 31 avqust  1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən itkin düşmüşdür.  

 

Keçidlər